Quranın yandırılması
Almaniyanın Kansleri Angela Merkel danimarkalı karikaturaçı Kurt Westergaarda mükafat verib. Bu şəxs 2005-ci ildə çəkdiyi karikaturanı Hz.Muhəmmədlə (s) əlaqələndirərək bütün dünyada həm tanındı, həm mükafatlandırıldı, həm də varlandı. Dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar isə bu karikatura hadisəsinə çox fərqli tərzdə etirazlarını bildirmişdilər. Bu etiraza etiraz edənlər də həmin karikaturaları müxtəlif KİV-lərdə dərc etdirərək reaksiyalarını nümayiş etdirmişdilər. Nə dəyişdi? Kimin xeyrinə oldu? Hansı etirazçılar qazandılar? Həmin vaxt yazdığım yazının sərlövhəsini "Planlı provakasiyaya plansız etiraz” adlandırmışdım. Daha sonra ölkəmizdə
bu məsələni fərqli üslübda nəsrə çəkən yazarın yazısı haqqında heç bir münasibər bildirmədim. Düşündüm ki, avropalıya Peyğəmbərimizi tanıda bilmədiyimiz kimi öz insanımıza da Hz.Muhəmməd ya səhv tanıtdırılıb, ya da tanış edilməyib. Hz.Muhəmməd (s) haqqında 3 kitab və 2 sənədli film tərcümə edib, çap etdirib mətbuat konfransı ilə bu tanışlığa vasitəçi olmağa çalışdım... Bu girişi etməyimin səbəbi yeni təxribat qoxusu gələn Quran yandırma hadisəsidir. Elə bilməyin ki, bu məsələ ötdü... Təsəvvür edin ki, Almaniyanın xristian-demokrat partiyasının sədri olan Merkel 5 il əvvəlki karikaturçu təxribatçını "ölümlə hədələnməsinə baxmayaraq, media və fikir azadlığına israrlı bağlılığına" görə aldığı mükafatı təqdim etdi... Quranı yandırmaq ideyasını ortaya atan təxribatçı keşişlə bağlı sonrakı durum necə olacaq? Bunu bilmirik...
Başlanğıc…
Amerikalılar 2001-ci ilin 11 sentyabrında törədilən terrordan əvvəl İslama ölkədəki çoxsaylı dinlərdən biri kimi yanaşırdılar. Həmin hadisədən sonra isə Amerikada səssiz həyat yaşayan müsəlman vətəndaşlara qarşı münasibət dəyişdi. Müsəlmanlar qonşularına, iş yoldaşlarına, həmkarlarına İslamın sülh dini olduğunu izah etməyə çalışır, müsəlmanların "əl-Qaidə” kimi terrorçu təşkilatlarla heç bir əlaqəsinin olmadığını başa salmağa səy göstərirdilər. İddia edən iddiasını sübut etməli olduğu halda, müsəlmanlar ittihamlara cavab verməli olurdular... Bəzi yerlərdə müsəlmanlar ayrı-seçkiliyə və hücumlara məruz qaldılar. "11 sentyabr” hadisəsinin üzərindən 9 il ötməsinə baxmayaraq bəzi qrupların təxribatı nəticəsində ölkədəki əvvəlki əhval-ruhiyyə yenidən hiss etdirilir. Qeyri-ənənəvi bir təriqətin nəşri olan Amerikanın məşhur "Washington Post” qəzeti ölkə əhalisinin 3-də birinin İslam dininin zorakılığı stimullaşdırdığı ilə bağlı sorğu dərc edib. Bundan başqa, Nyu-Yorkda müsəlman taksi sürücüsü bıçaqlanıb. Tennessidə məscidə plastik donuz fiquru atılıb. Nyu-Yorkda məscid tikintisi üçün nəzərdə tutulan ərazi yandırılıb.
Təxribat…
Bu təxribatlardan birinin qığılcımlarını da xristian bir keşiş yandırdı. Amerikanın Florida ştatında yaşayan, 50 nəfərlik kiçik xristian icması olan ''Dove World Outreach Center'' (Dünyaya Kömək üçün Göyərçin Mərkəzi) adlı radikal dindar qrupa rəhbərlik edən 58 yaşlı keşiş Terri Couns iyul ayının axırlarında "11 sentyabr”ın ildönümündə müsəlmanların müqəddəs kitabı olan Quranı yandırmaqla etiraz aksiyası təşkil edəcəyini bəyan etmişdi. Qeyd edək ki, bu radikal icma ötən il də "İslam şeytandandır” yazılmış köynəklər paylayaraq gündəmi işğal etmişdi. Bu aksiya ilə bağlı ABŞ rəhbərliyi ilə yanaşı, BMT-nin baş katibi, Avropa və müsəlman ölkələrin rəhbərləri mənfi münasibətlərini bildiriblər. ABŞ prezidenti Barak Obama çıxışında ölkənin düşməninin İslam olmadığını, əl-Qaidə və radikal qruplar olduğunu xatırladaraq amerikalılari dini tolerantlığa dəvət edib. "Hansısa dinin müqəddəs mətnlərini yandıra biləcəyimiz fikri bu ölkənin təmsil etdiyi dəyərlərə də ziddir”, - deyən ABŞ-ın rəhbəri Quranın yandırılması aksiyasına münasibətinin mənfi olduğunu bildirib: "Belə bir aksiya internet əsrində bizə bütün dünyada dərin zərərlər verir”. BMT-nin Baş katibi Ban Ki-Mun bu aksiyanın "qəbul edilməz” hərəkət olduğunu deyib: "Bu cür hərəkətlər heç bir din tərəfindən bağışlana bilməz. Quranın yandırılmasının dünyanın əksər yerlərində mədəniyyətlər və dinlər arasında dialoq, qarşılıqlı hörmətin yayılması üçün çalışan insanların və BMT-nin səyləri ilə ziddiyyət təşkil edir...” Vatikanın Papalıq Dinlərarası Dialoq Komitəsi də bunu qınayıb: "Hər din öz müqəddəs kitabı, ibadətxanaları və simvolları ilə hörmətə və qorunmaq haqqına malikdir. Bu inancları seçən fərdlərin ləyaqətinə sayğı ilə əlaqəli bir mövzudur”… Almaniyanın Kansleri Merkel Quranı insanlara çatdıran Hz.Muhəmmədi təhqir edən rəssama müafat verərkən, -hər nə qədər ziddiyyət təşkil etsə də- Quranı yandırmaq təşəbbüsünə etirazını belə bildirib: "Əgər Floridada bir xristian Quranı yandırmaq istəyirsə, bu böyük hörmətsizlik və səhvdir. Quranın yandırılması İncilin yandırılması kimi bağışlanmayacaq bir vəziyyətdir”. Bu kimi münasibətlərin sayını artırmaq olar... Amma məsələ kiminsə hansı münasibəti bildirməsindən yox, daha çox nəticə maraqlandırmalıdır. Deyirlər ki, uşaqlar ailənin aynasıdır. Həmin ayna, daha açığı keşiş Terri Counsun qızı Emma Couns atası haqqında maraqlı bir fikir səsləndirib. Almaniyada yaşayan Emma atasının yazıq və köməyə möhtac olduğunu, ağlını itirdiyini və psixoloji yardıma ehtiyacı olduğunu bildirib.
Müxtəlifliklər və qəribəliklər ölkəsi
Burada Amerikanın ştatlarındakı bir-birindən fərqli məqamların olduğunu yazmaq fikrim yoxdur. Amma ABŞ cəmiyyətinin bəzi həqiqətlərini qeyd etmək istəyirəm. Məsələn, "11 sentyabr” hadisələrinin törədildiyi yerdə İslam mərkəzi qurulması nəzərdə tutulub. Xatırladım ki, mərkəzdə çimmək üçün hovuz, restoran və dərs otaqlarından başqa məscidin də açılması planlaşdırılır. Buna Nyu Yorkun ildə 1 dollar kimi simvolik maaşa işləyən bələdiyyə başçısı Michael Bloomberg razılıq da verib. Bundan başqa, mer əksər amerikalılar tərəfindən səhv başa düşülən sözünü səhv başa düşüləcəyini bilərək belə deyib: "Biz bunu hər nə qədər xoş olmayan bir davranış olaraq qeyd etsək də, həmin şəxsin Quranı yandırmağa haqqı var”. Əksəriyyət merin bununla İslam düşmənçiliyinə haqq qazandırdığını iddia etdilər. Əslində isə məsələ tamamilə fərqlidir. Çünki Bloomberg ABŞ konstitusiyasını əsas alaraq bu sözləri ifadə edirdi. Həmin konstitusiya insanlara bir-birinə söymək və bayrağını alt paltar olaraq geyinmək haqqını verməklə yanaşı, istədiyi kitabı - İncili və Tövratı da- yandırmaq haqqını da `bəxş edir`. İnternetdə baxdım. Aksiyanın təşəbbüskarı kimi görünən keşiş Terri Counsa bir verilişdə belə sual ünvanladılar: "Sizə "Müqəddəs kitablarınızı yandıracağıq”, - desələr buna necə münasibət bildirərdiniz`, - deyə soruşan aparıcıya keşişin cavabı belə oldu: "Əlbəttə, bunu xoşlamazdım! Amma bizim buna haqqımız var. Biz Amerikada yaşayırıq!”
Müsəlmanların haqqı
Bəs ABŞ vətəndaşı olan 7 milyondan çox müsəlman da bu haqdan stifadə edə bilməzmi? Edə bilər… Bəs niyə etmirlər? Hətta müsəlmanlar Quranın özündən əvvəl gələn İncilin, Tövratın dəyişdirildiyinə inanırlar. Həmin kitabların Allahın göndərdiyi İncil və Tövrat olmadığını qəbul edirlər. Bir daha eyni sualı təkrar edək. Müsəlmanlar niyə adekvat addım kimi bu cür etirazlarını bildirmirlər? Əslində cavab çox sadədir: Çünki bunu Allah qadağan edir. Çünki Hz.Muhəmməd belə bir şeyə icazə verməzdi. Çünki səhabələr və imamlar belə işlərə əl atmayıblar. Çünki Hz.İsa da, Hz. Musa da İslam peyğəmbərləridir. Allah Qurani-Kərimdə belə buyurur: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. Allah isə onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!” ("Ənam” surəsi, 108).
Müsəlmanların etirazı
Bu təxribat xarakterli fikirlər səsləndirilən kimi ilk etiraz aksiyası Əfqanıstandan, daha sonra isə Pakistandan gəldi. Bəs bu etirazlar olmasaydı nə olacaqdı, olmasından sonra nə dəyişdi? Bir dəlinin quyuya daş atmasını qırx nəfər çıxara bilər, amma həmin suyun damcıları artıq çox yerə sıçrayıb. Etirazlara baxmayaraq Quran səhifələrini Ağ Evin qarşısında cırdılar. `Tea Party`nin İndiana lideri olduğu bildirilən Andrew Beacham və abort əleyhdarı kampaniyasına rəhbərlik edən Randall Terry-nin olduğu 6 nəfərlik qrup Quranın ingilis dilindəki tərcümələrindən xristianlara və yəhudilərə qarşı "nifrət” olduğunu iddia etdiyi ayələri oxuyandan sonra səhifələri qopararaq cırıblar. Sonra həmin səhifələri bir torbaya qoyaraq uzaqlaşıblar. Beacham səhifələri yandırmamasını isə Konqressin ərazisində hansısa bir şeyi yandırmağın cinayət olması ilə əlaqələndirib. Tennessidə isə Bob Old adlı keşiş və köməkçisi Danny Allenlə birlikdə Quranı yandırıb. Buna etiraz edən bəzi amerikalılar isə "Həqiqi amerikalılar Quranı yandırmaz” yazılan plakartlar gəzdiriblər. Radikalizmi ittiham edənlərin radikallıq nümayiş etdirmələrini hansısa dinə istinad etmək olarmı? Nəticə nə oldu? Terri Counsun Quran yandırmaq aksiyasına son qoyması başqalarına da ilham oldumu? Karikatura məsələsində etirazdan fərqli olaraq burada nə dəyişdi? "2012” filmində Kəbənin dağıldığı səhnəsi olsaydı, müsəlmanlar necə etiraz edəcəkdilər? İslam haqqında, daha doğrusu əleyhində olan internet saytlarına müsəlmanların cavabı nə olur? Etiraz zülmə qarşı zülmlə olmaz. Allah Hz.Musa peyğəmbəri qardaşı Hz.Harunla həddini aşan, zalım Fironun yanına göndərərkən belə buyurur: `Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (`Taha` surəsi, 43-44). Amerikada yaşayan qeyri-hökumət təşkilatlarından bəziləri Quranın yandırılmasına etiraz olaraq müxtəlif yerlərə Quranın ingilis dilindəki tərcümələrini göndərdilər. Onlar "Biz ABŞ-da kitabları yandırmırıq, kitabda yazılanları oxuyur və işindəkiləri müzakirə edirik...”, - deyərək İnternet şəbəkəsində sosial saytlardan istifadə edərək Quran haqqında məlumatlar yayıblar. Facebook-da xüsusi səhifələr hazırlayıblar... Bir neçə insanın səhvinin əvəzində minlərlə insana həqiqətləri çatdırırlar...
Müsəlmanlara etiraz...
Çox maraqlıdır. Müsəlmanların etirazına İslam tarixini bilən bir adam etiraz etsə, müsəlmanlar nə deyəcək? İlk Quran səhifələrinin Peyğəmbərin səhabələri tərəfindən yandırıldığını desələr (burdaki məqsəd tamamilə fərqli olub), Hz.Əli ilə döyüşən müsəlmanların savaş hiyləsi məqsədi ilə nizələrinə Qurani-Kərimin səhifələrini taxaraq qarşı tərəfi silahsızlandırmaq üçün istifadə etdiklərini söyləsə, müsəlmanların Peyğəmbərin nəvəsini öldürdüklərini bildirsə, möcüzə kimi bəzən `yanan evlərdə Quranın salamat qaldığını, yanmadığını` deyirdiniz və sair bu kimi tarixi acı həqiqətlərə cavab istəsə müsəlmanların cavabı nə olacaq? Yoxsa müsəlmanlar da peyğəmbərlərini öldürənləri misal çəkəcək, yoxsa səlib yürüşlərini, Qüdsdə həyata keçirilən qətliamları, bəzi kilsə din xadimlərinin uşaqbazlıqda ittiham edilmələrini, bəzi Avropa ölkərində rahiblərin təcavüzə qarışmadığı yerin olmadığını onların məhkəmləri tərəfindən ifadə edildiyini nümunə göstərərək cavab verəcəklər? Halbuki səhvi səhvlə müqayisə eləmək bizi doğruya aparmaz... Çünki 2 səhv bir düz eləmir...
Nə etməli?
Qurani-Kərimi yandırdılar, Quranı cırdılar. Dünyada Quran qalmadı? Quran təhrif olundu? Bir hadisəni xatırladım... Kəbəyə böyük qoşunla hücum edərək oranı dağıtmaq istəyən Bizans sərkərdəsi Əbrəhənin filli ordusuna qarşı Hz.Muhəmmədin babası Əbdulmuttəlibin cavabı belə olmuşdu: `Biz onunla döyüşmək istəmirik. Buna gücümüz də çatmaz. Kəbənin yiyəsi var. Kəbə Allahın evidir. Allah oranı qoruyacaqdır`. Allah Qurani-Kərimdə bu kitabı qoruyacağını belə bildirir: `Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (`Hicr` surəsi, 19). Biz də onların bu hərəkətini Allahın öhdəsinə buraxaq. Müsəlmanlar nə etməlidirlər? Qurana daha çox bağlanmalı, Quranı daha çox oxumalı və Qurana, Quran əxlaqına daha sıx sarılaraq orada yazılanlara əməl etməlidirlər. Hər sahədə İKT-nin sürətlə yayıldığı bir aləmdə, virtual məkanda Quranla bağlı saytlar hakerlər tərəfindən dağıdılsa (yandırılsa), necə etiraz ediləcək? Çünki 2005-ci ildəki karikaturalar hazırda saytlarda nümayiş olunur. Müsəlmanlar bu sahədə geri qalmamalıdır. Çoxlu saytlar açmalı, bloglar qurmalıdırlar. Saytları gücləndirməlidirlər. Həmçinin Quran təkcə kağızlara yazılan kitabdan deyil, həm də Allahın bir neməti olan texnologiyadan istifadə edilərək oxunmalı və yayılmalıdır. Bütün kompüterlərdə, proqramlarda Quran var. Telefonlarda Quran var. İstədiyiniz vaxt və istədiyiniz yerdə oxumaq üçün Quran var. Yetər ki, müsəlmanlar Quranın ilk ayəsinə uyğun olaraq "Yaradan Rəbbin adı ilə OXUsunlar!”
Elşad Miri
Mənbə:İslam.com.az
|